17/08/2026
✍🏻 José Mourinho Netflix-in onun haqqında çəkdiyi sənədli filmdə:
“Peşəkar futbolçu karyeram olmayıb. O vaxt məşqçilərin çoxunun güclü futbolçu karyerası var idi və mən bilirdim ki, fərqlənməliyəm.
Mən məşqçi olmaq istəyirdim. Amma bilirdim ki, bu, çətin olacaq. Çünki universitetdən çıxan mənim kimi insanlar adətən fitnes məşqçisi olurdular.
Düşünürəm ki, bu, mənim mirasımdır. Mənim kimi bir çox gənc üçün bu qapını açdım.”
16/08/2026
✍🏻🇩🇪 Klaus Toppmöller yadınızdadır?
2002-ci ildə onun rəhbərlik etdiyi “Bayer Leverkusen” mövsümü inanılmaz şəkildə başa vurmuşdu: Çempionlar Liqasında final, Almaniya Kubokunda final və Bundesliqada 2-ci yer. Amma hər üçündə də son addımda məğlub oldular. Məhz bundan sonra “Bayer”ə “Neverkusen” ləqəbi verildi.
Klaus Toppmöllerin oğlu Dino Toppmöller isə bir neçə dəqiqə əvvəl “Lens”in baş məşqçisi kimi PSG-ni Fransa Superkubokunda məğlub edərək karyerasının ilk titulunu qazandı.
Beləliklə, Dino artıq uzun illər məşqçilik etmiş atasından daha çox titul qazanıb.
16/08/2026
✍🏻 Mikel Arteta artıq məşqçi karyerasında 5-ci titulunu qazandı!
Bu gün “Arsenal” ispaniyalı mütəxəssisin rəhbərliyi altında İngiltərə Super Kubokunda “Manchester City”ni 3:0 hesabı ilə məğlub etdi.
Artetanın məşqçi kimi qazandığı titullar:
Premyer Liqa — 2026
İngiltərə Super Kuboku — 2020
İngiltərə Super Kuboku — 2023
FA Cup — 2020
İngiltərə Super Kuboku — 2026
16/08/2026
✍🏻🇹🇷 Super Liqada ilk oyunlar artıq geridə qaldı.
İlk turda “Fenerbahçe” məğlub oldu, “Trabzonspor” və “Galatasaray” isə heç-heçə etdi. “Beşiktaş” isə ilk oyununu bu gün keçirəcək. Çempionat başladığına görə favoritlərin son iki transferi barədə danışmaq istəyirəm:
Dusan Vlahović → “Beşiktaş”
Məncə, uğurlu transfer ola bilər. 26 yaşında və kifayət qədər komplekt hücumçudur. Cərimə meydançasında mövqelənməsi, açıq sahədə yaratdığı təhlükə, hətta cərimə zərbələri ilə qol vura bilməsi “Beşiktaş”ın hücumlarına müxtəliflik qatacaq. Daha əvvəl Vincenzo Italiano ilə birgə işlədiyini də unutmamaq lazımdır.
Romelu Lukaku → “Fenerbahçe”
Lukakunun Super Liqada uğursuz olma ehtimalını çox aşağı görürəm. Bəlkə də sadə səslənir, amma stoperlərlə fiziki mübarizəni sevən və cərimə meydançasında son dərəcə keyfiyyətli hücumçunun Türkiyədə işə yaramaması həqiqətən çətin görünür.
Üstəlik, Lukaku əla bitiricidir. Dərin müdafiəyə qarşı qurulan hücumlarda oyundan itmir, yüksək pressinq edən komandalara qarşı isə keçidlərdə topu saxlayaraq hücumun əlaqəsini qura bilir. Əsas sual isə 33 yaşında olmasıdır. Fiziki səviyyəsini nə qədər yüksək saxlaya biləcəyi “Fenerbahçe”dəki çıxışının əsas məqamlarından biri olacaq. Mənə ən maraqlı gələn isə Murigi yaşanacaq rəqabətdir.
16/08/2026
✍🏻 Müasir futbolda baş məşqçinin ətrafındakı komanda artıq sadəcə “köməkçi məşqçilər” deyil. Top klublarda baş məşqçi daha çox idarəçi və futbol ideyasının rəhbəri, onun heyəti isə həmin ideyanın müxtəlif sahələr üzrə həyata keçirilməsini təmin edən mütəxəssislərdən ibarətdir.
Məsələn Roberto De Zerbinin Tottenhamdakı komandasında hər mütəxəssisin ayrıca vəzifəsi var:
🔹 Andrew Crofts – Baş məşqçinin köməkçisi
* Məşq prosesinin planlaşdırılmasında iştirak edir.
* Taktiki tapşırıqların futbolçulara çatdırılmasına kömək edir.
* Gündəlik məşqlərdə De Zerbinin ideyalarının tətbiqinə nəzarət edir.
🔹 Bruno Saltor – Köməkçi məşqçi
* Taktiki məşqlərdə iştirak edir.
* Rəqib analizləri və oyun planının hazırlanmasına dəstək verir.
* Məşq meydanında futbolçularla fərdi işləyir.
🔹 Andreas Georgson – Köməkçi məşqçi
* Xüsusilə standart vəziyyətlər (künclər, cərimə zərbələri, müdafiə və hücum set-pieceləri) üzərində çalışır.
* Taktiki detallara fokuslanır.
🔹 Marcattilio Marcattilii – Birinci komandanın fiziki hazırlıq məşqçisi
* Futbolçuların fiziki yüklənməsini planlaşdırır.
* Məşq intensivliyini və bərpa proseslərini idarə edir.
🔹 Agostino Tibaudi – Güc və fiziki hazırlıq məşqçisi
* Güc, sürət, partlayıcı qüvvə və zədələrin qarşısının alınması üzərində işləyir.
* Atletik performansın artırılmasına cavabdehdir.
🔹 Tom Tombleson – Atletik inkişaf rəhbəri
* Klubun fiziki inkişaf strategiyasını qurur.
* Futbolçuların uzunmüddətli atletik inkişafına nəzarət edir.
🔹 Ali James – Tibbi xidmət rəhbəri
* Tibbi komandanı idarə edir.
* Zədələrin müalicəsi, profilaktikası və oyunçuların sağlamlıq vəziyyətinə nəzarət edir.
🔹 Cameron Campbell – Fərdi inkişaf məşqçisi
* Futbolçularla fərdi işləyir.
* Texniki, taktiki və mövqe üzrə inkişaf planları hazırlayır.
🔹 Fabian Otte və Dean Brill – Qapıçı məşqçiləri
* Qapıçıların texniki, taktiki və fiziki hazırlığına cavabdehdirlər.
Yəni De Zerbinin ətrafında yalnız məşqçi heyətində təxminən 8-9 nəfər, performans və tibbi komanda ilə birlikdə isə 12-dən çox mütəxəssis işləyir.
15/08/2026
✍🏻 “Inter”də Conte ilə birlikdə çalışmış keçmiş yarımmüdafiəçi Ashley Young italyan məşqçinin uzun videoanalizlərindən danışıb.
Məğlubiyyətdən sonra komanda oyunun bütün epizodlarını yenidən izləyirmiş. Demək olar ki, hər iki dəqiqədən bir video dayandırılır və futbolçudan soruşulurdu:
“Niyə bunu etdin? Niyə belə qərar verdin?”
Bəzən iclaslar 3,5 saata qədər davam edirdi.
Futbolçunun fikrincə, oyunçular uzun müddət tam konsentrasiyanı qorumaqda çətinlik çəkirlər. Hətta bəzi futbolçular iclas zamanı yuxuya gedirmiş.
O hesab edir ki, bu cür yanaşma uzun müddət davam etdikdə fiziki və psixoloji yük həddindən artıq artır, nəticədə zədələr, işçilər üzərində təzyiq və şəxsi həyata təsir yaranır.
Bəlkə də məhz buna görə Conte-nin komandada uzun müddət qalması nadir hallarda baş verir.
15/08/2026
✍🏻 Kristian Romero hər epizodda sonadək mübarizə aparan müdafiəçilərdəndir.
O, sərt və emosional futbolçudur. Bu xüsusiyyətləri bəzən onun ən böyük üstünlüyü olduğu kimi, eyni zamanda zəif tərəfinə də çevrilir.
Romero sadəcə müdafiə etməklə kifayətlənmir. Topu irəliyə ötürərək hücumu başladır, uyğun anı gördükdə qəfil hücuma qoşulur və özünü yalnız müdafiə ilə məhdudlaşdırmır.
Amma bu oyun üslubunun da öz əksi var: riskli müdaxilələr, sarı və qırmızı vərəqələr, təhlükəli standartlara səbəb olan səhvlər… Belə müdafiəçilər bəzən çox ağır səhvlər edə bilirlər.
Digər tərəfdən, onların rəqibə yaratdığı psixoloji təzyiq və öz komandasına verdiyi enerji də az şey deyil.
Düşünürəm ki, Simeone Romero üçün ideal məşqçidir. Romero da məhz Madridə getmək üçün çox israrlı idi. Bu ikilinin birlikdə necə görünəcəyini izləmək maraqlı olacaq.
15/08/2026
✍🏻 “Real Madrid”in Joze Mourinyo ilə 2029-cu ilə qədər müqavilə imzalaması bukmekerlərin də maraqlı proqnozlarına səbəb olub.
Portuqaliyalının klubda uzun və sakit işləyəcəyinə o qədər də inanmırlar. Məsələn, Mourinyonun mövsüm ərzində “Real”dan ayrılma ehtimalı 50%, Yeni ildən əvvəl istefaya göndərilməsi isə 25% qiymətləndirilir.
Görünür, bukmekerlər onun yeni heyətə uyğunlaşmasının asan olmayacağını və ulduz futbolçularla mümkün konfliktləri də nəzərə alırlar.
Xüsusi diqqət isə “Barcelona” ilə El Clasico oyunlarına yönəlib. La Liqadakı iki derbidə “Real Madrid”in hər ikisini uduzmasına 18%, hər ikisini qazanmasına isə 15% ehtimal verilir.
Hətta daha maraqlı mərc də var. 😄
Mourinyonun “Barcelona”ya qarşı qələbədən sonra “Camp Nou”da dizləri üstündə sürüşərək qol sevinci etməsinə də mərc qəbul olunur. Açıq şəkildə onun məşhur provokasiyalarına istinaddır.
14/08/2026
✍🏻 Premyer Liqada 20 klubdan 9-u mövsümə yeni baş məşqçi ilə başlayır. Bu, demək olar ki, liqanın yarısının məşqçi dəyişməsi deməkdir.
Maraqlısı isə odur ki, belə hal sonuncu dəfə 1946/47 mövsümündə — İkinci Dünya müharibəsindən sonrakı ilk mövsümdə baş vermişdi.
14/08/2026
✍🏻🇦🇿 Bu gün Premyer Liqamız start götürür!
2026/27 mövsümünün ilk oyununda “Turan Tovuz” – “Qəbələ” qarşılaşacaq. Ümumilikdə 12 komandanın mübarizə aparacağı yeni mövsüm başlayır. Maraqlıdır ki, 6 klub mövsümə yeni baş məşqçi ilə başlayır.
İndi isə sizin fikriniz maraqlıdır:
Çempion kim olacaq?
Liqanı hansı komanda tərk edəcək?