30/10/2025
Fərqli dinlərə mənsub şəxslər arasında reallaşan evliliklər hər zaman müzakirə olunan mövzular sırasında yer alıb. Xüsusilə müsəlman və xristianın bir-birilə ailə qurması həm dini, həm də hüquqi baxımdan bır sıra suallar yaradır. Belə evliliklərin İslam və xristianlıqda necə qiymətləndirildiyi, qanunla necə tənzimləndiyi, cəmiyyətdə necə qarşılandığı və bu nikahların rəsmi sayılıb-sayılmadığı məsələsi də diqqət çəkir.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, İslam dininə görə müsəlman kişi xristian qadınla ailə qura bilər.
“Yəni din bu məsələyə müəyyən şərtlər çərçivəsində icazə verir. Əgər ailə qurulan şəxs xristiandırsa və o, “əhli-kitab” sayılırsa, bu evliliyə dini baxımdan icazə verilir”.
Deputat əlavə edib ki, qanunvericilik baxımından da ölkəmizdə bu sahədə hər hansı bir problem yoxdur:
“İstənilən şəxs, fərqli dinə mənsub biri ilə ailə qura bilər. Bu baxımdan həm dinimiz, həm də qanun fərqli dinlər arasında izdivaca müəyyən çərçivədə icazə verir. Habelə, tarixdə də bununla bağlı bir çox nümunələrə rast gəlmək mümkündür. Həm dini mənbələrdə, həm də tarixi hadisələrdə qeyd olunan məsələdə ciddi fikir ayrılığının olmadığını görə bilirik.
Lakin burada əsas məqamlardan birinə diqqət yetirmək lazıçmdır: İslam dini yalnız müsəlman kişilərin xristian və ya yəhudi qadınlarla evlənməsinə icazə verir. Müsəlman qadınların isə qeyri-müsəlman, hətta “əhli-kitab” olan bir kişi ilə ailə qurmasına icazə verilmir. Bu, İslam dininin əsas prinsiplərindən biridir”.
Deputat həmçinin vurğulayıb ki, müsəlman qadının qeyri-müsəlman, yəni İslamı qəbul etməmiş bir kişiyə ərə getməsi dinimiz tərəfindən qadağan olunur:
“Həmin kişi İslamı qəbul etdiyi təqdirdə, qadın onunla ailə qura bilər. Bu yanaşmanın əsas məqsədi müsəlman ailə kimliyini və dini dəyərləri qorumaqdır.
Lakin burada hər hansı ayrı-seçkilikdən söhbət getmir. Əksinə, bu, ailənin dini və mənəvi birliyinin qorunması üçün nəzərdə tutulan bir tədbirdir. Məhz bu səbəbdən, məsələyə yanaşarkən dinimizin mövqeyini nəzərə almaq və onu düzgün izah etmək, qavramaq vacibdir”.
DAVAMI ŞƏRHDƏ