www.hafizmirza.com

www.hafizmirza.com

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from www.hafizmirza.com, Lankaran.

Photos from www.hafizmirza.com's post 31/10/2024

• XOŞBƏXTLİK NAMİNƏ SİMURQ QUŞU ! (?)
(Lənkəran Teatrının “Xoşbəxtlik quşu” tamaşası barədə düşüncələr)

Lənkəran Dövlət Dram Teatrına bir müddət əvvəl yeni direktor təyin olunmuşdu: Laləzar Hüseynova! Xanımın yaxşı rejissor olduğunu deyir¬dilər. Deyilənlərin doğru və ya şişirtmə olduğunu dəqiqləşdirmək üçün onun hər hansı bir tamaşasına baxmaq gərəkirdi. Vurdu bu xanım bir uşaq tamaşasını hazırladı. Uşaq tamaşalarının çox vaxt yalan-palan, nağıl, qondarma sərgüzəştlər, musiqi, rəqs, rəngarəng əlbisələr və ucuz təbliğat, pafos, tərbiyyə üzərində qurulduğunu nəzərə alıb, yaşlı adamlar ona çox da ciddi yanaşmır. Amma biz həm Lənkaran Teatrında hansı dəyişikliklərin olduğuna şahidlik, həm də Laləzar xanımın necə bir rejissor olduğunu müəyyən etmək üçün oktyabrın 27-də onun quruluş verdiyi “Xoşbəxtlik quşu” tamaşasına baxdıq. Pyesin müəllifi mərhum Ələkbər Hüseynovla İncəsənət Universitetində eyni dövrdə təhsil almışıq. Adam universal incəsənət xadimi kimi formalaşmışdı. Xüsusən balacalar onu “Ələkbər əmi” kimi tanıyır və çox sevirdilər. Rəhmətlik Ələkbər uşaqların dilini, təfəkkürünü, istəyini və zövqünü çox yaxşı bilirdi. Oktyabrın 27-də zalı doldurmuş tamaşaçının böyük əksəriyyəti uşaqlar idi və onların tamaşanı sonacan və böyük coşqu ilə izləməsi müəlliflə tamaşaçı arasında ülfətin ifadəsi idi. Əvvəlcədən qeyd edim ki, tamaşa boyu kimsə zalı tərk etmədi. Çünki quruluşçu rəssam Fuad Babazadə səhnəni və personajları ox¬şayan, əlvan rənglərlə yaxşı bəzəmiş,maraqlı dekorasiyalar qurmuş, quruluşçu rejissor Laləzar Hüseynova hər bir detalı dolğun canlandırmağı bacarmışdı. Şirin musiqilər (Elvin İsayev) və şux rəqslər tamaşaya əlavə mükəmməllik qatırdı.Aktyorların plastikası, yüngülcə, qıvraq rəqs etmək bacarığı və səs tempri çox xoş, diqqətə layiq və əsrarəngiz mənzərələr yaradırdı. Rejissor səhnədə əsl nağıl atmosferi qura bilmişdi. Amma bu heç də bir sıra kiçik qüsurları tamam ört-basdır etməyə yaramırdı. Başlayaq ondan ki, tamaşanın “Xoşbəxtlik quşu” adlanması tam doğru görünmürdü. Əslində rəhmətlik Ələkbər də “Səadət quşu” adlı pyes yazmışdı. O pyesdən xəbərimiz yoxdur. Bu tamaşada əgər padşah xoşbəxtlik iksirinin, quşu və ya gülünün axtarışında olsaydı, tacir ona bu məqsədlə Simurq quşunu satsaydı, bu başqa məsələ. Amma belə deyildi! Əsərin adı ilə bərabər süjetinə də müxtəlif dəyişikliklər edilmişdisə, bu kimi əlavə və dəyişikliklər də etmək olardı. Yoxsa uşaq tamaşaçı əsl xoşbəxtliyi yalnız bir simurq quşuna malik olmaq kimi qeyd edəcək, özündə deyil, kənar vasitələrdə, məsələn, simurq quşunda axtaracaq. Hərçənd bunu ehtiva edən bəzi cümlələr vardı, amma bu, tamaşanın süjetində (dinamikasında) ifadə olunmurdu. Hər halda tamaşada xoşbəxtlik quşu görünmədi. Əgər o quş Simurq quşu idisə, mif və ya əsatirlərdə Simurq quşu xoşbəxtlik yox, qaranlıqdan ağ günə çıxış simvolu kimi təqdim olunur. Nağıl-tamaşaya sadəcə, “Simurq quşu” adı qoyulardısa, daha uyğun olardı və bu adla uşaqlara nəsə anlatmaq olardı. Zatən balaca tamaşaçılar əylənməyə gəlmişdilər, tamaşanın dərin mənaları onların çox da vecinə deyildi. Əslində nə mövzunun, nə süjetin əsasını heç də xoşbəxtlik, “Yaşıl dünya naminə Həmrəylik ili” və ya “COB-29” deyil, Simurq quşu ehtiva edirdi. Ancaq burada Simurq quşu çox da ağıllı təəssürat bağışlamır. Dağın başında divin əsirliyində saxlanılan Simurq quşu isə daha çox hiyləgər kimi görünür. Bu halda da onun uzun illər əsirlikdə qalmasıı inandırıcı təsir bağışlamır. Aygül adlı quşun özü də əslində Simurq quşu idi. Ayşən Əsədova bədən fakturasına görə bir azacıq uyğun gəlməsə də rolunu çox məharətlə ifa edirdi. Rolunun öhtəsindən məharətlə gələn daha bir ifaçı ovçu Murad obrazını yaradan Teymur Hacızadə idi. Qeyd edim ki, Teymur bəy roldan-rola müəkəmməl aktyor kimi formalaşmaqdadır! Padişah rolunun ifaçısı Emin Fərzullayevi də xüsusi qeyd etmək istəyirəm. Emin bəy hər jesti, mimikanı, xüsusən də o ağlayanda ağlaşan, o güləndə gülüşən saray əyanlarını “Kəs!!!” deyə ayaqlarnı da yerə döyəcləyərək, çox məharətlə ifşa edə bilirdi və balaca tamaşaçılar rejissorun bu obraz üzərində ştrixlərini düzgün qəbul edir və gülüşürdülər. İnsafən, digər aktyorlar da mükəmməl çıxış etməyə çalışırdılar. Əlizamin Abbsov (Tacir), Rauf Zeynalov (Vəzir), Əlirza Şahbazi (Fərraş), Allahverən Babayev (Div) səhnədə maraqlı və balacaların zövqünü oxşayan obrazlar yarada bilmişdilər. Təkcə Div obrazının səhnəyə iməkləyərək girməsi heç uğurlu mizan sayıla bilməzdi. O səhnəyə bir div olaraq ayaq üstə, çox böyük ölçüdə və həşəmətlə daxil olmalı, özünün qorxuncluğunu və əzazilliyini çatdırmalı idi. Yoxsa ki, pişiyi, ya meymunu xatırladan, cılız bir divin Simurq quşunu qəfəsə salmağa və uzun illər burada saxlamağa qüdrətinin, ağlının, fərasətinin çatdığı heç inandırıcı görünmür. Belə bir axmaq divin əsarətinə ram olan Simurq quşunun da çox ağıllı və tədbirli olması inandırıcı deyil. Rejissor bunu nəzərə almalıdır. Tamaşa uşaqlar üçündür deyə hər şeyə göz yummaq, onların az yaşının öhtəsinə buraxmaq insafdan olmazdı. 2-ci və 3-cü Simurq quşu rolunda çıxış edən Şəbnəm Hüseynova və Təranə Fərəcova yaşlarına və fakturalarına uyğun gəlməyən bu obrazları o qədər məharətlə, çevik və inandırıcı ifa etdilər ki, mən onları tanımadım və səmimi ifaya görə alqışladım. İnsafən Məleykə Cəfərova da, Nizami Qurbanov da, hətta mühafizəçi rolunu oynamağa çalşan bir balaca aktyor da bu tamaşanın uğuruna çalışırdı. Mən quruluşçu rejissor Laləzar Hüseynovanın hər kiçik nüansa həssaslıqla yanaşmasını, hətta tamaşa əsnasında yerindən qalxıb işıq və səs operatoruna göstərişlər verməsini onun məsuliyyət və tələbkarlığına yazıram. Əminəm ki, həm də teatrın direktoru olaraq bu xanım nəhayət bu tamaşa üçün buraxılmış proqram bukletinə nəzər salardısa, oradakı çoxsaylı səhvləri də zamanında aradan qaldırardı. Əslində bəlkə də xırda və incə səhvlərdir, amma olmasa daha yaxşıdır. Zatən incəsənət məhz elə incə nüansların, ştrixlərin, detalların üzərində yaradılır.
Bu, Laləzar xanımın Lənkəran Teatrında ilk tamaşası idi. Amma onu ayaqüstə alqışlamağa dəyərdi. Çünki o həm də uşaq təfəkkürünü və zövqünü yaxşı bilir, tamaşaçının zövqünü oxşamağa çalışır, aktyoru yaxşı işlədə bilirdi. Sonda bütün iştirakçıların tamaşa zalına düşməsi azyaşlı tamaşaçılarla canlı ünsiyyət qurması, tamaşa əsnasında da tez-tez tamaşa zalına müraciət etməsi tamaşaçı fəallığının yaradılmasına və artırılmasına hesablanmış doğru nüanslardır. Nəhayət ki, “Lənkəran teatrı mükəmməl bir rejissorla yoluna davam edəcək!” deyə bilərik. Əminik ki, xanım rejissor böyüklər üçün hazrlayacağı tamaşalara da bu qədər həssaslıqla yanaşacaq.

Hafiz MİRZƏ
AYB və AJB üzvü, prezident mükafatçısı

Photos from www.hafizmirza.com's post 28/10/2024

"QARABAĞ" MƏĞLUB OLMADI, UDUZAN UEFA OLDU!

“Qarabağ” təkcə Ağdamın və ya “Azərsun”un deyil, hamımızındır və o bizim qırmızı xəttimizdir!Təəssüf ki, bəzi ağzıəyrilər “Qarabağ”ı öz inhisarlarına almağa çalışırlar. Guya onun barəsində kimsə yaza, tənqid edə, qüsur göstərə, təklif verə bilməz, həm də ona görə ki, baş məşqçi Qurban Qurbanov hamıdan daha çox bilir.(!) Bu cür iddialarla “ətimizi tökənlər”in sanki İspaniyanın, İngiltərənin, İtaliyann, Almaniyanın, hətta Türkiyənin futbol cameəsindən heç xəbərləri yoxdur. Adlarını çəkdiyim və çəkmədiyim ölkələrdə futbolu həm də yazarların, ictimaiyyətin, sadə azarkeşlərin müdafiəsi, alqışı, eləcə də irad, etiraz və basqıları inkişaf etdirir. Futbol mövzusunu inhisara almaqla, “Qarabağ” baradə yazmağı tabuya çevirmək istəyilə əslində onlar balaca, cıqqılı rövnəqcikdən başqa bir şey olmayacaqlar.
Bütün bunlara rəğmən “Qarabağ”ın Niderlandın (Hollandiya demirəm, çünki Azərbaycanda bu ad haqlı olaraq heç yaxşı mənalar daşımır) “Ayaks” futbol klubu ilə UEFA Avropa Liqasının liqa mərhələsinin 3-cü turundakı görüşdə 0:3 hesab ilə məğlub olması nəhayət futbola realist nəzərlərlə baxılmasını diqtə etdi. Bu oyun çox böyük şübhələrə yol açdı. Və o şübhələrin yaranmasına səbəbkar heç də birbaşa bizim komandamız olmadı. “Qarabağ” son 4-5 oyundan fərqli olaraq “Ayaks”a qarşı çox güclü oyun göstərdi. “Bayer”ə qarşı da göstərmiş və sonda “qələbəni əlindən vermişdi”. Deməli, elə çıxır ki, super oynasan da, bəzi klubları udmaq olmaz! Niyə? Çünki futbol oyunları təkcə meydançada hakim tərəfindən deyil, həm də kənardan, yuxarıdan idarə olunur.Onu başlı-başına buraxarsan, dünyanın aparıcı, çoxmilyonlu azarkeş ordusu, böyük maliyyə qaynaqları olan ölkələr, klublar təsadüfən kənarda qala bilər. Bu isə yolverilməzdir! BMT dünya dövlətlərini (əslində ABŞ-in və masonun istədiyi kimi) idarə etmək istəyirsə, FİFA və ya UEFA dünya futbolunu nə üçün özü müvafiq hesab etdiyi kimi idarə etməsin?! ))) “Qarabağ”ın “Ayaks”la oyunu da azad idman yarışmasına oxşamırdı. 0:2 hesabından sonra bu oyuna sakit baxmaq tam dözülməz idi. Bir neçə gün əvvəl Mirşahin Ağanın xalqa bu oyunda təmkin göstərməklə bağlı möhtəşəm oktyabr tezislərini 0:2-dən sonra unutduq. Yəni o hesabdan sonra o müraciət bizim düşüncəmizdə getdi işinin dalıyca! Çünki bu, zəif oyuna görə yox, güclü oyunun müqabilində uğradığı acınacaqlı məğlubiyyətə görə idi. Bunu bəxtsizliyin kürəyinə yükləmək olmazdı. “Qarabağ” öz evində 10, sonra lap 9 nəfərlə qarşısındakı iki komandaya qarşı oynayırdı: “Ayaks”a və hakimlər komandasına qarşı! UEFA-nın yubkalılar ölkəsi Şotlandiyadan tapıb oyuna təyinat verdiyi baş (“boş” da oxuya bilərsiniz) hakim Nikolas Uolş qapımıza penalti təyin etməklə az qala şortikini də çıxardıb “Ayaks”ın tərəfindən çıxış edirmiş kimi görünürdü. Şotlandiyadan basa-basa gələn bu şotland gedəsi bizi – milyonlarla müsəlman azəri vecinə də almadan, nə istəyirdisə, necə istəyirdisə, o cür də hərəkət edirdi. Sanki biz futboldan Xaqani Məmmədov qədər də anlamırıq! Əgər bu Uolş oğlu Uolşun UEFA-dan zərrəcən çəkinəcəyi olardısa, o bu qədər arxayınçılıqla, yerli komandaya qarşı gü¬nah¬lar etməzdi. Mən qəsdən “səhvlər” və ya “qüsurlar” demirəm, Çünki səhv və qüsur bu cür olmur. Hər şeyin bir əndazəsi, ölçüləri, normaları var. Bu oyunda hakim bunu tamam unutmuşdu və ya unutdurulmuşdu. Aydın məsələ idi ki, “Qarabağ” artıq məğlubiyyətlərdən bezmişdi, sanki rəqiblərin qanına susamışdı və hök-mən bu rəqibi yenəcəkdi. Elə də oldu: ilk dəqiqələrdən komandamız çox istəkli, çox çevik və üstün oyun nümayiş etdirməyə başladı. Hiderland komandası oyunun təşəbbüsünü əldən verdi və ilk dəqiqələrdə qapısında qol gördü. Əla başlanğıc idi! Bu uğurun ardı hollandların Bakıda biabırçı məğlubiyyətinin əsasını qoyurdu. Buna imkan verərsənsə, “Qarabağ” ən azı sənə öz meydançanda 7 qol vura bilən komandadır! Bunu “Ludoqorest”lə oyunda görmüşdülər. Ona görə də hakim Nikolas Uolş bu qolu hesaba almadı. Guya oyundankənar vəziyyət vardı. Ancaq video-çəkilişin təkrarı heç avsayt göstərmirdi. Buna görə də şərhçi Şəmsəddin Abbasov öz heyrətində tam haqlı idi.VAR deyilən struktur o andaca yox, bir qədər gec və çətinliklə bizim oyunçunun bir neçə santimetr öndə olduğunu “düzəltdi”! Boş hakim və köməkçisi isə bunu o andaca avsayt hesab etmişdi. Əslində VAR-ın (guya elektron hakimliyin) təqdim etdiyi süjet topun ötürülmə anını deyil, bir neçə saniyə sonranı əks etdirirdi. VAR-da oturan “var-yoxlar”dan kimsə bizimki olmadığı üçün onun qərarı nüfuzlu və bizim üçün ədalətli sayıla bilməzdi. Təbii ki, əgər VAR-da bizimkilərdən, məsələn, Xaqani Məmmədov kimi sabiq hakimlərdən hər kimsə oturmazdısa. Sonradan düşünmək olardı ki, bu qol “Qarabağ”ın dişini göstərdiyi üçün hakimi tələsik hərəkətə keçməyə məcbur elədi. Adam əvvəlcə köhnə qumarbazlar kimi səxavətlə “Sarı kart” göstərməyə (paylamağa) başladı. 15-ci dəqiqədə isə guya ki, son ümid folunu işə salıb, Julio Romaonu birbaşa “qırmızı kart”la oyundan qovdu. Görünür onun oyun qurucusu olduğunu başa düşmüşdü. Halbuki o məqamı qarşılıqlı mübarizə kimi dəyərləndirə, ən p*s halda isə “sarı vərəqə” ilə cəzalandıra bilərdi. Ağlı başında olan hakimlər oyunda mübarizəni söndürməmək, intriqanı daha maraqlı məcraya yönəltmək üçün 1-ci hissədə şifahi xəbərdarlıqla kifayətlənir, 2-ci hissədə sərt qərarlara başlayır. Avropa hakimləri isə futbolun balet olmadığını daha yaxşı bilirlər, hər yıxılan qəza və cərimə hesab olunmur. Ayaq oyununda təbii ki, yıxılmalar çox olmalıdr. Nikolas Uolş isə sanki Avropadan yox, Fil Dişi sahillərindən gəlmişdi. Adam 1-ci hissədə Leandronun 100%-lik qolunu hesaba almır, 15-ci dəqiqədə komandamız hücumda ikən rəqib öz cərimə meydançasında Medinanı yıxır, hakim buna əhəmiyyət vermir, bizim oyunçular qərar gözləyir, ancaq həmin dəqiqələrdə fürsətdən istifadə edib əks-hücuma çıxan rəqibi yıxdığı üçün Romaoya birbaşa “qırmızı vərəqə” göstərir. Halbuki son ümid folu deyildi, arxadan Medina rəqibə çatmışdı. Avropa komandalarının oyunda bu hakim belə risk edə bilməzdi. Bakıda isə... Romao görünür bu hakimin əsas planlarına mane olurdu. Bunun nəticəsi olaraq oyun keyfiyyəti tədricən rəqibin əlinə keçdi. Nəticədə 36-cı dəqiqədə hollandiyalı Kennet Teylor hesabı açdı. Onu da deyim ki, adam qol sevincini tamaşaçılara hollandlara layiq tərzdə nümayiş etdirdi. Ləyaqətli hakim buna görə ona ən azı şifahi xəbərdarlıq edə bilərdi. Dəysin başına! Əsas o oldu ki, “Qarabağ” toparlana bildi və 1-ci hissənin sonunda az qala hesabı bərabərləşdirəcəkdi. Hərçənd ki, baş hakim komandamıza qarşı hakim bicliklərindən istifadə edərək, öz incə basqılarını davam etdirırdi. Rəqib cəzalanmayacağına əminliklə komandamızın ən mahir digər oyunçularından biri olan Marko Yankoviçə qarşı çox sərt oyun göstərirdi. Meydançada 10 nəfər qalmış və 0:1 hesabı ilə uduzan “Qarabağ”ın çətinliklə qurduğu hücum planlarını hakimin gərəksiz fitləri pozurdu. Meydançada çoxdan görmədiyimiz əsl “Qarabağ” vardı! Bu cür əzmkar oyunla onun rəqibə uduzmayacağı aydın idi. Hakim artıq etdiyini etmişdi. Amma heç demə onun daha sərt edəcəkləri qabaqda imiş. 73-cü dəqiqədə Kevin Medina rəqiblə çiyin-çiyinə sərt mübarizə zamanı qalib ayrıldı. Rəqib fürsətdən istifadə edib özünü artistizmlə yerə atdı. Bu halda “Ayaks”ın 29 nömrəli oyunçusuna hakimi aldatmaq cəhtinə görə “sarı vərəqə” göstərilməli idi. Çünki o yerə yıxlaraq, çaşıb ayağını tutmuşdu. Halbuki onun ayağına zərbə olmamışdı. Amma mübariz Avropa futbolunun nümayəndəsi olan Nikolas Uolş “sarı vərəqə”ni Medinaya göstərdi və “penalti” təyin etdi. Avropa ölkələrində hakimin bu cür “12-ci oyunçu” funksiyalarını yerinə yetirməsinə görə ona tərəf müxtəlif əşyalar tullayır və fitə basaraq kəskin etiraz edirlər. Amma bizim azerkeş Mirşahinə xatir yerlərində faraqat oturmağa çalışdı. 74-ci dəqiqə və 0:2 hesablı məğlubiyyət! “Qarabağ” isə farağat durmaq fikrində deyildi. Komanda aşkar üstün oyun göstərir, daha çox Elvin Cəfərquliyev fərqlənirdi. Elə buna görə də Nikolas 79-cu dəqiqədə 0:3 hesabı ilə uduzdurduğu komandanın oyunçusuna qarşı daha bir sərt addım atdı: Elvinə 2-ci “sarı vərəqə” və “qırmızı kart” göstərdi. Birinci “sarı”nı hansı basa-basda vermişdi – heç yada düşmür. Yəqin hakimə tərs baxmış, ya da nəyisə bilmək istəmişdi. Bütün dünyaya "demokratiya" dərsi keməyə çalışan bir qərbi avropalı hakim özlərinin bizim işlərimizə burun soxan siyasətçiləri qədər gülünc görünürdü. Sanki bizim oyunçuların hakimdən nəsə soruşmaq və ya demək haqqı alınmışdı. Kəskin, qızışdırıcı, provakasiyalı, təhqiramiz, sərt sözlər demək, əl-qol atmaq başqa şeydir, hakimə öz heyrətini, təəccübünü mimika, jest və sözlərlə bildirmək tamam başqa şey. Futbol həm də emosiyalar oyunudur, burada şahmatçı təmkini ilə 90 dəqiqə susa və sürətli oyun göstərə bilməzsən. Elvin isə öz hirsini, qəzəbini soyutmaq üçün hakimin bu hərəkətini gülüşlə qarşıladı, hətta gedib onunla görüşdü də. Onun o cür görüşündə mövcud olan ironiyanı duymamaq mümkün deyildi. Amma Nikolas Uolş öz hərəkətinin psixoloji basqısı altnda olduğu üçün bunu sezə bilmədi. “Qarabağ” meydançada 9 oyunçu ilə qaldı. Belə hakimə qarşı onun öz dilində mübarizə aparmaq, mübahisəli daha 1-2 “qırmızı” almaqla dünya ictimaiyyətinin diqqətini bu oyuna cəlb etmək lazım idi. Onsuz da klub rəhbərliyi UEFA-ya şikayət etməyəcək və ya edə bilməyəcəkdi. Əsas o idi ki, “Qarabağ” yenə də öz mübarizə əzmini itirmir, hökmən qol vurmaq üçün rəqibi sıxışdırırdı. O gecə “Qarabağ” çox möhtəşəm idi! Amma hücumların birində rəqibə toxunmaqdan ehtiyatlandıqları üçün rəqib oyunçu Akpom uzun bir reyd eləmiş və qapımızdan 3-cü qolu keçirtmişdi.
Oyundan sonra baş məşqçi komandasının oyunundan razı qaldığını bildirirdi. Əslində o bu dəfə haqlı idi. Amma onu Toral Bayramovu və Bəhlul Mustafazadəni start heyətə salmamaqda tam haqlı saymaq olmur. Nəriman Axundzadənin də çoxdan oynadılmaması anlaşılan deyil. Oyunda baş hakimin hər cür idbar hərəkətlərinə rəğmən komanda nə qədər əzmkar oyun göstərsə də və bəzən çox mahir görünsələr də, bizim bir çox əcnəbi oyunçularımızın artıq yorulduğu, bezdiyi, usandığı hiss olunmaqda idi. Bir neçə belə oyundan sonra əksəriyyətin əzələsi dartılar və ya öz qapısına qol vura bilər. Komandada yorulanlar sırasına Leandro Andradeni, Kaşuku, Addaini, Julio Romaonu, Patrik Andradeni, Aleksey İsayevi, Riçard Almeydanı, Mateus Silvanı, Marko Veşo-viçi, hətta zəhmətkeş insan Abdulla Zubiri də daxil etmək olar. Rəqiblər də bu oyunçuları çox yaxşı öyrənib və nə edəcəklərini əzbər bilirlər. Rəqiblər eyni zamanda baş məşqçinin əsas oyun dəsti-əttini də yaxşı öyrəniblər. Belə məqamda komandanın yenilənməsi, xüsusən qapıya və müdafiənin mərkəzinə daha çevik, güclü və mahir oyunçuların alınması çox vacib görünür. Əgər klub Səhmdar Cəmiyyət olardısa, əminəm ki, İdarə heyəti Klub rəhbərliyini də büs-bütün yeniləməli olardı. Heç nə əbədi deyil, hər şeyin bir sonu var. Bunu şəxsin özünün hiss etməsi və vaxtında hörmətlə getməsi yaxşıdır.
Keçək söhbətin əsas hissəsinə! Artıq bir müddətdir ki, “Qarabağ” Avropa futbolunun içərisindədir. Doğrudanmı bu qədər təcrübə Avropada futbolun təkcə idman olmadığını anlamağa əsas vermir? Orada çempionatlar biznes və siyasi məqsədlər üzrə idarə olunur, azarkeş kütləsinə, maliyyə kapitalına və korporativ maraqlara görə klubların yeri qabaqcadan müəyyən edilir, sonra çempionat ona uyğun tənzimlənir. Bəzən klub rəhbərlikləri, federasiya prezidentləri, baş məşqçilər, bukmeyker kontorları və əlbəttə ki, Hakimlər Komitəsi bu gizli oyunun içərisində olur. Onlar bəzi aparıcı futbolçuları və hakimləri də bu “oyuna” qoşurlar. Avam azarkeş və milli təssübkeşlər stadionda, televizor qarşısında sadəlövhcəsinə əsəb-stres yaşayır, min bir azzara düşür, işbazlar isə böyük pullar qazanır! Bunu çox böyük ustalıqla etsələr də onları ifşa edən faktlar, məhkəmə çəkişmələri, jurnalist araşdırmaları bütün aparıcı Avropa ölkələrində var. Bizdə isə durub “Qarabağ” futbol Klubunun oyunlarını bir azacıq tənqid edən kimi trollar, satqın Media və əlaqədar orqanlar səni çox asanlıqla “Vətən xaini” elan edir. Həm də bəzi yazarların “beyninə yerləşdirilmiş mikroçiplər”, yəni Avropaşüvənlik onlara Qərbi Avropa barədə hər hansı mənfi xüsusiyyətini qəbul edilməsində imkan vermir. Sanki rüşvətxor da, korrupsioner də, fırıldaqçı da, satqın da yalnız bizdə olurmuş və qərbi avropalılar süddən çıxmış ağ qaşıq imişlər. Bunun belə olmadığını FİFA-nın 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirtdiyi Futbol üzrə Dünya Kubokunun oyunları açıq-aşkar sübut elədi. Brazilyanın çempion ediləcəyi planlaşdırıldığı üçün Türkiyə ona uduzduruldu. Oyunu Rusiya üçün şərh edən məşhur futbol mütəxəssisi Vladimir Maslaçenko matçı şərh etməkdən imtina edərək, şərhçi kreslosunu boş buraxdı. İtaliya çempionatında “Yuventus”la bağlı qalmaqallar da hamının yadındadır. FİFA-nın keçmiş prezidenti Jozef Blatterin, UEFA-nn keçmiş prezidenti Mişel Platininin və digərlərinin adı ilə bağlı korupsiya qalmaqalları əgər kimlərinsə yadından çıxıbsa, internetdə axtarış aparsın. Elə “Avroviziya” musiqi yarışmasında yerləri kimlərin (hansı ölkələrin) tutacağı da qabaqcadan planlaşdırılır. “Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli!” Bəlkə indi UEFA pak mələklər yığnağıdır?! Buna inanan yubka geyinməkdə ad çıxartmış şotlandiyalıların perspektivli sayılan gənc futbol hakim Nikolas Uolşun gününə düşsün! 2014-cü ildə “Qarabağ”ın Bakıda “Dnepr”lə oyunu da yəqin ki, yaddan çıxmayıb. “Qarabağ”ın təmiz qolu hesab edilmədi, Ukraynada guya demokratiya quran və ona rəğbət göstərən Avropa (UEFA) “Dnepr”i zorla qalib çıxartdı. Yarış-maların indi də idbar qaydalarla və hakimlərin əli ilə tənzimləndiyini və “Qarabağ”ın plana əsasən bu il uğur qazana bilməyəcəyini düşünməyə şübhələr var. “Ayaks”la oyun buna daha ciddi əsaslar verdi. Bəzən təkcə meydançada qalib gəlmirlər, qarşısına böyük uğurlar qazanmağı məqsəd qoyan hər hansı idman komandası pərdəarxası mübarizəni də nəzərə almalı, o oyunun iştirakçısı kimi çıxış etməli, ya da ona qarşı bir strateji, əks-plan qurmalıdır. Elə planlarda öncədən Media da, azarkeşlər də, siyasətçilər də fəal iştirak edir, hamı birlikdə 12-ci oyunçu kimi xidmət göstərir. Dünyada idman korrupsiyasına qarşı təcrübədən çıxmış çox anti-virus proqramları var. UEFA-nın dədəsi də gəlsə, hakim tumanını çıxardıb, özü top qovmağa çalışsa da, həmin anti-virusu adlaya bilmir. O halda qalib gələn təkcə güclü klub yox, bütövlükdə FUTBOL olur. “Ayaks”la oyunda məğlub tərəf heç də “ Qara¬bağ” olmadı. “Qarabağ” nəhayət ki, əsil kişicəsinə, cəsarətli və əzmkar futbol oynadı. Bizim istədiyimiz də bu idi: uduzursansa, kişi kimi oyna - uduz! Amma bu dəfə duzan tərəf məhz insanları futbolun səmimiliyindən, düzlüyündən, ədalətindən perikdirən UEFA idi. Təbii ki, futbol dünyasını biz düzəldə bilməyəcəyik, əgər biz ali futbol qurumlarının qurduğu oyunların gizli iştirakçısı deyiliksə, bizə belə hallar üçün layiqli “anti-virus” tədbirləri planlaşdırmaq düşər. Söhbət təkcə azarkeş coşqusunu yüksəltməkdən getmir. Hərçənd ki, “Ayaks”ın 450 nəfərlik azarkeş qrupu bizim 30 minlik tərəfdardan daha çevik, coşqulu və mübariz idi.
“Qarabağ” təkcə bu günün yox, həm də gələcəyin komandasıdır. Əgər öz sevgimizdə və mübarizəmizdə səmimiyiksə, biz özümüzün tədbirli və kəskin üzümüzü göstərməliyik! Ki, dünya futbol maxinatorlarının gözü qorxsun və bizə qarşı tam da olmasa, heç olmazsa qismən ədalətli olmağa məcbur qalsınlar.
Qələbəni vermirlər, həm də “çığırda-çığırda” alırlar!
Hafiz MİRZƏ
AYB və AJB üzvü, prezident mükafatçısı

25/10/2024

Yazıçı-publisist Hafiz Mirzənin Qarabağı düşməndən azad etmiş qəhrəman Azərbaycan əsgərinə ittihaf etdiyi , erməni faşizminin ifşasının, Qarsda törətdikləri türk qətliamının, Şüşanın azad edilməsi uğrunda döyüşdə qəhrəmanlıq göstərmiş bir kəşfiyyatçı əsgərin rəşadətinın və sadə insanların Vətənpərvərlik hisslərinin yer aldığı yeni povestlər kitabı işıq üzü görmüşdür: "SONUNCU GÜLLƏ" . Kitabın ictimaiyyətə təqdimat mərasimi noyabrın 02-də, səhər saat 11-də Lənkəran şəhərinin Mərkəzi Kitabxanasında keçiriləcək. Arzu edənlər dəvətlidir!

Photos from www.hafizmirza.com's post 23/10/2024

LƏNKƏRAN ŞƏHƏRİNİN MƏRKƏZİNDƏ
Qala xiyabanı, "Boranı" restoranınn yanında- "Zərban" kursları: dərzilik, toxuculuq, bərbərlik, tibb və kompüter kursları: qəbul davam edir! Aylıq təhsil haqqı 35 mnat! İki kursa yazılanlar üçün 30 manat, üç kursa yazılanlar üçün 25 manat, dörd kursa yazılanlar üçün 20 manatdır! Bir ailədən 2 nəfər gələrsə, onların aylıq təhsil haqqı hər biri üçün 30 manat, onlar 2 kursa yazılarsa 25 manat, 3 kursa yazılarsa, onlar üçün 20 manat, 4 kursa yazılarlarsa, aylıq təhsil haqqı 15 manat! Belə fürsəti qaçırtmağa dəyməz!

18/10/2024

Müstəqillik günün mübarək, AZƏRBAYCAN!
Bu işdə xidməti, zəhməti və əziyyəti olmuş hər kəsə ikiqat-üçqat təbriklər düşür! Müstəqillik aktının müəllifi, professor Hacıbaba Əzimova üçqat təbrikimiz var! Allah bu yolda daha böyük xidməti olmuş Məhəmmədəmin Rəsulzadə və tərəfdaşlarına, mərhum prezidentlərə, milli-azadlıq mücahidlərinə və Vətən Müharibəsi şəhidlərinə rəhmət eləsin! Yaşa, var ol, ey böyük Azərbaycan...Bütöv Azərbaycan!

Photos from www.hafizmirza.com's post 10/10/2024

• “DÜNƏN BELƏ İDİ, BU GÜN DƏ BELƏ OLDU. BƏS SABAH?..”
(Lənkəran Teatrında oynanılan “Dimetos” tamaşası barədə)

Lənkəran doğma yurd yeri olmaqla yanaşı mənim üçün həm də bir gözəl Azərbaycan şəhəridir. Burada Azərbaycanın özünəməxsus fərdi və milli keyfiyyətləri formaca zaman-zaman azacıq dəyişə, müasirləşsə də, məzmun etibarı ilə nə özünün folklor, milli, nə də kosmopolit xarakterini heç dəyişmir. Bu şəhərin özünə məxsus məziyyətləri, keyfiyyətləri və ziddiyətləri çoxdur. Mühafizəkarlıq bəzən müasirliklə yanaşı addmlasa da çox hallarda burada bir addım öndədir. Öz simasını, xarakterini, kaloritini saxlamaq onun yaşam tezisidir! Və bunu heç 70 il ərzində sovet hökuməti dəyişə bilmədi. Burada nə rus, nə qərbi Avropa, nə də İran təmayülü heç vaxt dominantlıq edə bilməmişdir. Dünən də belə idi, bu gün də belədir. Heç təsadüfi deyil ki, ölkədə təkcə onun adına hər zaman bir “Xan” ifadəsi qoşulur. Nə qədər mühafizəkar olsa da, Xan Lənkəranı dünyəvi şəhər olaraq xarakterizə edən iki mühüm amil də var; burada Dövlət Universitetinin və Dövlət Dram Teatrının olması! Bu iki subyekt sanki həm də onu silkələmək, çalxalamaq və daha da möhkəmləndirmək üçündür. Çünki Universitet xətti ilə hər il Lənkərana müxtəlif rayon və şəhərlərdən minlərcə fərqli mentalitet daxil olur Eləcə də Dram Teatrının səhnəsində fərqli dəyər daşıyıcısı olan pyeslər tamaşaya qoyulur, qastrol tamaşaları oynanılır. Bunlar “xan lənkəranlı” mentalitetini aradan qaldıra, simasını dəyişə bilmir, olsa-olsa cilalıyır və imunitet gücünü artırır. Dövlət Universitetinin müasir vəziyyəti barədə danışası olsaq, gərək sazı divardan götürək. Lənkəran Teatrı barədə isə divara-saza müraciət etməyə ehtiyac qalmır; gir teatrın bir tamaşasına bax və obyektiv qərar ver. Teatrın aktyor baxımından bəxti həmişə gətirib. Lənkəran teatrının səhnəsində Azərbaycan Teatrının çox böyük aktyorları çalışıblar. Amma təəssüf ki, 134 yaşlı teatrın indi aparıcı və güclü rejissorları və özünün ildə ən azı bir pyes təqdim edə biləcək dramaturqları yoxdur. Yoxdur və olacağına da ümid çox azdır. Vaxtı ilə bu teatrın Oruc Qurbanov, Hacırza Əliyev və Baba Rzayev kimi çox mahir və aparıcı rejissorları vardı. Rejissor problemi heç də 3-5 ilin mirası sayılmaz; yəni hələ 10-15 il əvvəl də belə idi, bu gün də elədir. Aktyorlar T.Əliyev və A.Zeynalov məcbur olub rejissorluq edir, tamaşa hazırlayrdlar. Hələlik Lənkəran teatrı daha çox kənardan gələn gənc və legioner rejissorların eksperimentlərinin ümidinə qalıb. Əliyar Əiyev adlı bir təcrübəli rejissor gəlmişdi, onu daxili çəkişmələrə, qısqanclığa qurban verdilər, yəni “torbasını tikdilər” və adam bircə tamaşa da qoymadan teatrdan uzaqlaşdırıldı. Sənət ocaqlarının əksəriyyətində daxili çəkişmələr, qısqanclıqlar, ixtişaşlar olub, olur və Lənkəran Tearı da bundan xali deyil. Bu məsələdə subyektivlik önə çıxacağı üçün üzərində vaxt itirməyə dəyməz. Yerli müəlliflərlə iş və teatr üçün daimi yazarlarının yetişdirilməsi mövzusu isə çox həssas məsələdir. Son 50 ildə bir neçə yerli müəllifin əsərinə müraciət olunub və heç də p*s alınmayıb. Amma korporativ və ictimai-siyasi maraqlar ucbatından o müəlliflərlə iş davam etdirilməyib, yeni sonrakı əsərləri gülünc iddialarla təxirə salınıb,.. Təkcə M.Əliyevin iki tamaşası qoyulub. Azərbaycan Yazıçlar Birliyinin Lənkəran Bölməsi 100-dən çox müəllifi əhatə etsə də və onlar buna dəfələrlə cəht göstərsələr də, Teatr rəhbərliyini qəsb edn bəy əfəndilər yerli yazarlar ilə əməkdaşlıqda maraqlı olmayıblar. Yerli müəlliflərdən bəzən kimlərəsə vəd verməklik və bir əsərini qəbul etmək isə etirazçı qüvvələri parçalamaq məqsədini güdüb. Dünən də belə idi, bu gün də belədir. Həm də heç kəsə sirr deyil ki, Mədəniyyət Nazirliyi hər il əslində özünün qəbul etdiyi repertuar planına əsasən əyalət teatrlarına guya könüllü şəkildə əsərlər qəbul etdirir və teatrın o yarıtmaz pyesləri tamaşaya qoymağa gücü çətinliklə yetir. Buna görə də özü əlavə və maliyə qoyuluşu tələb edən əsərlərə maraq göstərə bilmir. Əyalət teatrları, eləcə də Lənkəran Teatrı özü müstəqil repertuar planı tutsaydı, əminəm ki, elə əsərlərin 80%-ni yaxına buraxmazdı. Çünki bu əsərlər cəmi iki dəfə oynamağa yarayır: bir dəfə daxili baxışda, guya tamaşanı qəbul edirmişlər kimi, bir dəfə də rayon ictimaiyyəti üçün. Universitet və kolleclərin mövcud olduğu şəhərlərdə bu say 3-4 rəqəmini keçmir. Kassada satılan biletlərə nəzərən bu cür tamaşalar heç ona qoyulan vəsaitin onda birini çıxartmır. Kassada bilet satışı isə...Əgər əyalət teatrlarının inzibatçısı çevik və çoxbilmiş deyilsə, heç 3-4 tamaşa da alınmayacaq. Bilet və tamaşaçı maxinasiyaları ayrıca bir söhbətin mövzusudur. Qayıdaq ona ki, teatrın hansı durumda olduğunu müəyyən etmək üçün onun bir tamaşasına baxmaq da bəzən kifayət edir. Oktyabrın 07-də, bir payız axşamı şəhərin “Qala xiyabanı” ilə addımlayarkən təsadüfən Teatrda yeni tamaşanın oynanı¬lacağından xəbər tutdum. Qapı ağzında bu barədə afişa yox idi. Bu iradı teatrın bir əməkdaşına bildirdikdə o bunu çeynə-tüpür hansısa bəhanələrlə əsaslandırmağa çalışdı. Keşgə heç cavab verməyəydi, çünki nə dediyi heç özünə də aydın olmadı. Kassadan bilet istəyəndə özümə qarşı heyrətli baxışlardan hər dəfə belə başa düşürəm ki, deyəsən məndən qeyri-kimsə bilet almır və almayacaq da. Bunu da xırdalamayaq. Teatra yeni direktor təyin olunub, hələ 100 günü tamam deyil,.. Laləzar Hüseynova ixtisasca rejissordur. Bir müddət əvvəl Salyan Dövlət Kukla Teatrının direktoru olub. Kukla Teatrınn direktoru olaraq özü barəsində xoş sözlər dedizdirməyi bacaran xanımdır. Amma LDDT-ı kukla teatrı deyil və Laləzar xanm da bunun fərqindədir. Direktorla tanışlıqdan məmnunluq duydum və onun Lənkəranda daha mahir teatr xadimi olacağına inandım. Ona görə də ilk tamaşanın - premyeranın adicə proqra¬mının olmamasını da çox qabartmıram və buraxıram 100 günlük limitin öhtəsinə.
Qeyd edim ki, Lənkəranda Teatrının tamaşa zalına özünü tələsik çatdırırsan. Halbuki foyedə dekorativ –tədbiqi sənət və ya rəsm sərgiləri, vokol və instrumental ifaçıların qısa konsertini təşkil etmək olardı. Bəlkə də o səbəbdən təşkil edilmir ki, Lənkəran Teatrı qarderobdan deyil, divarlara divan tutan rütubətdən başlanır və sən buna görə də tamaşa zalına tələsirsən. Tamaşa zalı digər premyeralar zamanı olduğu kimi bu dəfə də tamaşaçı ilə dol(du-rul)muşdu. Amma tamaşaçılar əsasən tələbələr və məktəblilər idi; Lənkəran Dövlət Universitetinin, ya da hansısa kolecin tələbələri və orta məktəb şagirdləri! Bunu ilk baxışdan da anlamaq mümkün idi. Çünki bu “tamaşaçılar” tez-tez qol saatına və çıxış qapısına baxan yeniyetmə və gənclər idilər. Tamaşa isə...Atol Fuqardın ”Dimetos” pyesi tamaşaya qoyulmuşdu. Kimdir bu Atol müəllim və onun əsərini Lənkəran Teatrı nə üçün “seçmişdir” ?.. Heç demə müəllif Cənubi Afrika dramaturqu imiş! Əcəba, həmin o Cənubi Afrika Respublikasında bir kimsə bizm müəlliflərin əsərlərini tamaşaya qoyubmu, qoyurmu, qoyacaqmı və ya orada heç Azərbaycan adlı ölkənin mövcudluğundan xəbərdardırlarmı? Olsun ki, bizim həyat və düşüncə tərzimiz onlara tamam yabançıdır. Amma onların həyat və düşüncə tərzinin bizim üçün nə dərəcədə uyğun və aktual olduğunu kim deyə bilər? Biz beləyik; ifrat toleyrant və beynəlmiləlçi! Bu afrikalı müəllifdə və onun əsərlərində bizim dəyərlərimizlə uzlaşan hansı nüanslar vardı ki, onu nazirliyə sırıyan tərcüməçi daha yaxşı anlamışdı və bu əsəri tərcümə etmişdi?! Hər halda təkcə ona görə sağ olsun ki, mən daha tamaşanın adı ilə bağlı ifadəni oxuyanda və ya görəndə sanexniki vasitə olan “Domestos” tozunu düşünməyəcəyəm. Öz doğmaca bacısı qızı Lidiyanı (Məleykə Cəfərova) sevən bu Dimetos (Əbülfəz Axundov) heç demə öz ətrafını və həyatını nağılvari qurmaq is¬tə¬yən xəyalpərəst, sonda hətta gözəl Lidiyanı qəsdən Daniloya ( Emil Rza¬yev) qurban ve¬rən sarsaq, həris, biqeyrət və əclafın biri imiş. Bunun Azərbaycan dəyərlərinə nə qədər aidiyatı və gənc lənkəranlı tamaşaçıya nə xeyri vardı? Dayının öz bacısı qızını sevməsi Lənkəran cameəsinə hansı mesajlar verir? Belə əclaflığın mümkünlüyünümü? Tamaşa boyu gurultulu, ibarəli cümlələr, pafos, küy-kələy adamın başını ağradırdı. Nəsə bir şey anlamaq üçün diqqət kəsilən orta yaşlı tamaşaçıların əksəriyyəti tez yorulub, muşul-muşul yatmışdı. Tamaşadan sonra başqalarının nə anladığını müəyyənləşdirmək üçün verdiyim suallar sanki qalın divara toxunub üzümə geri qayıdırdı. Və yaxşca yatdığını bir çoxları şəxsən etiraf edirdi. Gənc tamaşaçılar isə... Onlar ilk 15-20 dəqiqəyə zorla tab gətirdilər. Tamaşadan heç nə anlamadıqda, bu onlarda heç bir maraq doğurmadıqda isə onların əsas məqsədləri önə keçdi: çıxıb getmək! Bu zaman gedənlərə qarşı mətinliklə sinə gərərək, onları geri qaytarmağa çalışan inzibatçı Namiq Ağayev selin qarşısında çox çətinliklə duruş gətirirdi. Hər halda onun sayəsində tamaşanın sonuna kimi zalda 400 nəfərdən 60-70 nəfər güclə qalmışdı. Uşaqları heç qınamaq olmurdu: avtobus olmayacağı üçün onlar tez getməli və dərsdən həmən sonra gətirildikləri üçün aclığa qalib gəlməkdən ötrü vasitələr axtarmalı idilər. Teatrın bufeti, çayxanası, adicə su köşkü belə olmadığına görə tələbələri başa düşmək çətin deyildi. Amma bu cür tamaşaçı toplantısından həmişə yeganə variant kimi istifadə edilməsini heç cür başa düşmək olmur. Dünən də belə idi, bu gün də belə oldu. Onların tamaşa ərzində qalxıb, dəstələr halında zalı tərk etməklə səhnədəki aktyorlara daha p*s təsir etdiyini də anlamaq lazımdır! Guya bu zavallıları oturacağa kəndirlə bağlasaydılar belə, onlar nəsə anlayacaqdılarmı? Hər halda tamaşadan sonra bu sualla müraciət etdiyim gənclər və müəllim-tamaşaçılar nəsə bildirməkdə aciz qaldılar. Bu tamaşa gözəl aktyor oyunundan savayı daha nə ilə səciyyələnirdi? Bu da bir cür sərt səslənir. Aktyorlar səhv-doğru – nəyi bacarırdılarsa, ortaya qoymağa çalışırdlar. Əbülfəz Axundov (Dimetos), Təranə Fərəcova (Sofya), Məleykə Cəfərova (Lidiya) və Emil Rzayev (Danilo) daha gur alqışlara layiq idilər. Xüsusən Əbülfəz Axundovla Təranə Fərəcovanın ifası akademik səviyyədə idi. Düşünürəm ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzə onların oyununa heç bir irad tuta bilməyəcək. Onun verdiyi quruluş və rəssam Nərgiz Baxşızadənin tərtibatı, eləcə də bəstəkar Azər Hacıəsgərlinin bəstələdiyi musiqi tamaşaya xüsusi rənglər qatırdı. Amma sakitcə və pıçıltı ilə onu da bildirim ki, çox uğurlu quruluş və rəssam işi hesab etmək olmazdı. Eyni detallardan gah qapı, gah quyu, gah da dünya kimi istifadə olunması hazırlıqsız, gənc tamaşaçını əsla cəlb etməyəcək. Üstəlik də səhnənin bu mühüm detalının başına aktyorların tez-tez və aramsız dolanması, hərlənməsi yeknəsəklik yaradırdı. Səhnədəki boşluqları qaranlıqla ört-basdır etmək çox işlənmiş, ucuz variantdır. Bir tərəfdə düzülmüş kiçik stullar (kətillər) də guya körpü və ya dirçəliş, inkişaf, karyera üçün çox uğurlu detal deyil. Bu qədər şərtilik içərisində baş sındırıb, nəsə anlamaq çabaları göstərməkdənsə, gənc tamaşaçı əlindəki mobil telefonla YouTubeyə daxil olub, dünya kinosunun şedevrlərini seyr edər və daha artıq estetik zövq alar. Nə olsun ki, teatra zorla və havayı gətirilmişdilər, yaxşı, maraqlı, aktual mövzu olardısa, yəqin ki, oturub baxacaqdılar. Təbii ki, uğurlu pyeslər tapmaq heç asan məsələ deyil, bu problem hər yerdə var. Tanıdığımız qədər rus teatrları probemin həlli üçün onun üstünə getməkdən çəkinmirlər. Azərbaycan Teatrları isə dünya klassiklərinin və əcnəbi müəlliflərin artıq vaxtını çoxdan keçirtmiş pafoslu əsərlərinə üstünlük verməklə problemin arxasında gizlənmiş olurlar. Halbuki aktual, müasir və tamaşaçı marağının tələb etdiyi mövzularda müsabiqələr keçirtmək və ən uğurlu əsərləri seçmək mümkündür. Teatrın inkişafı və tamaşaçı marağının, zövqünün fövqündə durması əslində və birinci növbədə uğurlu repertuar siyasətinə bağlıdır. “Dimetos” tamaşası bəlkə də elit tamaşaçı qarşısında və “Sənət sənət üşündür!” devizi ilə keçirilən hansısa festivalda uğur qazana bilər. Amma o nə əxlaqi, nə milli, nə də ictimai maraq baxımından “Xan Lənkəranlı” mentlitetinə fayda gətirəcək tamaşa hesab oluna bilməz.
“Casus”, “Qapıda öpüş”, “The Müqəssir”,”Bu da axırı”, “Cəmilə”,..
Dünən belə idi, bu gün də belə oldu. Bəs sabah?...
Bu barədə daha rasional düşünmək zamanını artıq çoxdandır keçirtmirikmi?

Hafiz MİRZƏ
AYB və AJB üzvü, prezident mükafatçısı

Want your business to be the top-listed Gym/sports Facility in Lankaran?

Click here to claim your Sponsored Listing.

Location

Address


Lankaran